Logo

Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimovun yeni il təbriki

29.12.2021 12:17 1117 baxış
IMG

Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimovun  yeni il təbriki

Dəyərli  həmvətənlər!
Hörmətli professor-müəllim-işçi heyəti!
Əziz tələbələr!
Hamınızı  31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü  və yeni- 2022-ci il münasibətilə ürəkdən təbrik edirəm.
Yeni-2022-ci ili  bütün Azərbaycan xalqı  böyük sevinc və fərəh hissi, xoş bayram ovqatı ilə qarşılayır. Bu gün qürur hissi ilə  deyə bilərik   ki, yola saldığımız 2021-ci il Azərbaycan tarixinə əlamətdar bir il kimi daxil oldu, möhtəşəm yeniliklərlə yadda qaldı. Ən əsası, 2021-ci ildə  xalqımız erməni qəsbkarlarından azad olunmuş torpaqlarımızda böyük quruculuq işlərinə start verdi. Böyük Zəfər yolunun, Füzuli hava limanının istifadəyə verilməsi, işğaldan azad olunmuş ərazilərdə yeni sosial infrastrukturun yaradılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması  yola saldığımız ilin ürəkaçan yeniliklərindəndir. Ali Baş Komandan İlham Əliyevin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması isə  başa çatmaqda olan 2021-ci ilin ən böyük siyasi nailiyyəti oldu. Azərbaycan xalqının böyük oğlu, siyasi lideri İlham Əliyevin  60 illik yubileyinə ən layiqli hədiyyə, töhfə isə, sözsüz ki, erməni qəsbkarları üzərində qazanılan  möhtəşəm Zəfər idi!
İllər ayrıcında  qeyd etmək istəyirəm ki, yola saldığımız il LDU üçün elmi uğurlarla   yaddaqalan oldu. Yeni ixtisaslar üzrə tələbə hazırlığına başladıq, maddi-texniki bazamızı gücləndirdik, beynəlxalq əlaqələrimizi genişləndirdik. LDU-nun yeni Elmi kitabxanası tələbə və müəllimlərin istifadəsinə verildi, yeni tədris korpusunun əsası qoyuldu, keçmiş qızlar yataqxanası tam şəkildə rekonstruksiya olunaraq müəllimlərə xidməti mənzillər kimi verildi.
 Bu gün sevinc hissi ilə deyə bilərik ki, Lənkəran Dövlət Universiteti ölkənin qabaqcıl ali təhsil ocaqlarından biri olmağa iddialıdır. Beynəlxalq əməkdaşlıq sahəsində əlaqələrimizin  genişlənməsi dünya arenasında özümüzü təsdiq etməyə, sözümüzü deməyə imkan verir.
Qarşıdan gələn 2022-ci il üçün  hədəflərimiz, planlarımız  daha böyükdür.Yeni ilimizdə yeni  tədris korpusunun istifadəyə verilməsini, oğlanlar üçün  yataqxana binasının açılışını planlaşdırmışıq. Həmçinin, universitetin yardımçı təsərrüfatını genişləndirməyi, Baytarlıq klinikasını yaratmağı, maddi-texniki bazanı yeniləməyi prioritet vəzifə kimi qarşıya qoymuşuq.
İnanıram ki,  LDU kollektivi yeni ildə də  mehriban bir ailə kimi fəaliyyətini  uğurla davam etdirəcək, yeni ilklərə imza atacaq. Bu yolda hamınıza uğurlar, möhkəm can sağlığı, xoş bayram  ovqatı ,könül xoşluğu  arzulayıram.
Qoy yeni-2022 -ci  il hamınız üçün  sülh, əmin-amanlıq ili olsun!  Xalqımıza  sevinc, fərəh, bolluq, firavanlıq, hər birimizə xoşbəxtlik  gətirsin! Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, azərbaycançılıq ideologiyasına sadiq qalan həmvətənlərimizə yeni  uğurlar, can sağlığı,  bayram sevincləri, xoş ovqat arzulayıram.
Yeni iliniz mübarək!
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektoru, professor.

Xəbər lenti